27 Sentyabr – Anım Günü ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən şəhid məzarlarında və onların ətrafında abadlıq və təmizlik işləri həyata keçirilib.

Keçirilən tədbir çərçivəsində Sədərək Rayon Şəhidlər Xiyabanında, eləcə də kənd qəbiristanlıqlarında yerləşən şəhid məzarlarının ətrafında genişmiqyaslı təmizlik və səliqə-sahman işləri görülüb. Yaşıllıq əraziləri alaq otlarından təmizlənib, ətraf sahələrdə abadlıq işləri aparılıb. Həmçinin şəhid məzarlarının ətrafında yerləşən gül kollarına qulluq göstərilib, ərazilərin ümumi görünüşünün daha da səliqəli və baxımlı olması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Aparılan işlərin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinə ehtiram göstərmək, onların məzarlarının daim diqqətdə saxlanılmasını təmin etmək və şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən dövlət qayğısını bir daha nümayiş etdirməkdir. Şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən hər zaman dərin hörmət və ehtiramla yad edilir.