Əvvəlcə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Ümummilli Lider Heydər Əliyevin Sədərək
Rayon Heydərabad qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə açılış nitqi ilə çıxış edərək 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən dövlət uşaq siyasəti milli strategiya səviyyəsinə yüksəlib. Bu siyasətin əsas istiqaməti uşaqların keyfiyyətli təhsil və müasir tibbi xidmətlərlə təmin olunması, hərtərəfli qayğı ilə əhatə edilməsi, layiqli vətəndaş kimi formalaşmasıdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində saxlanılır. Dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında müvafiq tədbirlər keçirilir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva və 11-ci siniflərin buraxılış imtahanında yüksək bal toplamış Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nursən Abbasova da çıxış edərək uşaqları təbrik ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.