25 fevral 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra icra hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sahib Süleymanlı, Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimləri Şövkət Sadiqova və Nəzrin Vəliyeva çıxış edərək qeyd etdilər ki, vətənpərvərlik hər bir insanın öz vətəninə duyduğu dərin sevgi, bağlılıq və onun rifahı naminə şəxsi maraqlarını qurban verməyə həmişə hazır olmasıdır. Vətənpərvərlik təkcə orduda xidmət etmək deyil, həm də vətənə sadiq olmaq və torpağa bağlılıqdır. Vətənpərvərlik mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə birləşdirən milli hissdən, milli qürurdan ibarətdir. Cəmiyyətin və dövlətin inkişafı, güclənməsi hər bir fərdin fəallılığından, vətənpərvərlik mövqeyindən çıxış etməsindən çox asılıdır. Vətənə məhəbbət hissi hər bir insana ailədən gəlməli, doğulan andan etibarən onun ruhuna işləməlidir. Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından çox əhəmiyyətlidir.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik ən ali hiss və insan fəaliyyətini stimullaşdıran bir amildir. Vətənpərvərlik bir insanın yaşamaq məqsədinə çevriləndə o, əsl vətəndaş kimi formalaşır. İnsanlara keyfiyyətli təhsil vermək, onlarda elmi dünyagörüşü formalaşdırmaq nə qədər çox vacibdirsə, cəmiyyətimizin özülünü möhkəmləndirmək məqsədilə vətənpərvər, əxlaqca saf, mənəviyyatca kamil, öz soy-kökünə, milli adət-ənənələrinə sadiq şəxslər yetişdirmək bir o qədər çox mühüm məsələdir.