23.06.2026-cı il tarixdə Sədərək rayonunda tikinti sahəsində maarifləndirici tədbir keçirilib.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində qanunvericiliyin tələbləri və qanunsuz tikililərin qarşısının alınması mövzusunda növbəti maarifləndirici tədbir Sədərək rayon Heydərabad qəsəbəsində təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun müdiri Vüqar Süleymanov açaraq belə maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Ramin Əsədov tikinti işlərinin aparılması zamanı mövcud normativ hüquqi aktların tələbləri, qanunsuz tikililərin qarşısının alınmasının vacibliyi, daşınmaz əmlakın qeydiyyatı, tikililərin hüquqi statusunun müəyyənləşdirilməsi və bu sahədə mövcud prosedurlar barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.