22 iyun 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sədərək rayonunda “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini, Ərazi təşkilat məsələləri sektorunun müdiri Əmrah Ərəbov açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, komitə fəaliyyət göstərdiyi müddətdə muxtar respublikanın müxtəlif kənd və bölgələrində əhalinin maarifləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Bu tədbirlərin əsas məqsədi erkən nikahların və qohum evliliklərinin qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və bu sahədə ictimai məlumatlılığın artırılmasıdır.
Sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı komitə sədri bildirib ki, muxtar respublikada belə uşaqlar mövcuddur. Onlardan 97 nəfəri Sədərək rayonunun payına düşür. Həmin uşaqlardan 64-ü oğlan, 33-ü isə qızdır. Bildirilib ki, erkən nikahların və qohum evliliklərinin qarşısının alınması məqsədilə yerlərdə ailələr, məktəblər və ictimai təşkilatlarla sıx əməkdaşlıq qurulub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Qidalanmanın reproduktiv sağlamlığa təsiri” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, düzgün və balanslı qidalanma insanın ümumi sağlamlığı ilə yanaşı, reproduktiv sağlamlığın qorunmasında da mühüm rol oynayır.
Gültəkin Əliyeva qeyd edib ki, gündəlik qida rasionunda vitamin və minerallarla zəngin məhsulların yer alması, zərərli qida vərdişlərindən uzaq durulması reproduktiv sağlamlığın qorunmasına xidmət edir.
Sonda iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzularda maarifləndirici broşürlər paylanılıb.