Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözüylə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı İbrahim Hənifəzadə mətbuatımızın keçdiyi uzun və şərəfli inkişaf yolundan danışmış, daha sonra Sədərək rayon Mərkəzi Kitabxana Sistemlərinin direktoru Kəmalə Əliyeva, kitabxananın əməkdaşı Şəfiqə Abbasova və Sədərək Rayon Mədəniyyət Sarayının əməkdaşı Zeynəb Əlili çıxış edərək qeyd etmişlər ki, Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.