Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirə başlamazdan öncə Qərbi Azərbaycana aid maddi mədəniyyət nümunələri və kitab sərgisinə baxış keçirilmişdir. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev, Qərbi Azərbaycan İcmasının Sədərək rayon nümayəndəliyinin sədri Heydər Süleymanov, Sədərək rayon Mərkəzi Kitabxana Sistemlərinin direktoru Kəmalə Əliyeva çıxış edərək qeyd etmişlər ki, 2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra Qərbi Azərbaycan mövzusu daha fəal şəkildə gündəmə gətirildi. Prezident İlham Əliyev müxtəlif çıxışlarında bildirdi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqları beynəlxalq hüquq normaları çərçivəsində tanınmalıdır. O qeyd etdi ki, bu məsələ ərazi iddiası deyil, insan hüquqları və tarixi ədalət məsələsidir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişləndirildi. İcma beynəlxalq tədbirlərdə iştirak etməyə, müxtəlif hesabatlar hazırlamağa və deportasiya faktlarını sənədləşdirməyə başladı. 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüş keçirərək “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanmasının vacibliyini vurğuladı. Qayıdış Konsepsiyası çərçivəsində deportasiya olunmuş ailələrin siyahılarının hazırlanması, tarixi yaşayış məntəqələrinin araşdırılması, dağıdılmış mədəni irsin sənədləşdirilməsi və beynəlxalq təşkilatlara müraciətlərin hazırlanması kimi işlər həyata keçirildi. Məqsəd azərbaycanlıların dinc şəkildə doğma yurdlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır.
Tədbirdə Qərbi Azərbaycandan bəhs edən film nümayiş olunmuş, daha sonra musiqi nümunələri göstərilmişdir.
Tədbirdə Qərbi Azərbaycandan olan vətəndaşlar, idarə təşkilat və müəssisələrin əməkdaşları, məktəb şagirdləri iştirak etmişdir.