Sədərək Rayon İcra Hakimiyyətinin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonundan olan şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov və Birliyin həmtəsisçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış ediblər. Çıxışlarda Sədərəyin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində tutduğu mühüm yerə toxunulub, rayon sakinlərinin ağır sınaqlarla üzləşdikləri dövrlərdə nümayiş etdirdikləri dözüm, iradə və vətənpərvərlikdən bəhs edilib. Bildirilib ki, şəhidlərimizin həyat yolu yalnız qəhrəmanlıq nümunəsi deyil, həm də gələcək nəsillərə Vətən sevgisini, torpağa bağlılığı və milli birliyi aşılayan mənəvi məktəbdir. Tarixi faktlara əsaslanan çıxışlarda Sədərəyin müdafiəsi ilə bağlı hadisələrə, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə və ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan tarixi yola nəzər salınıb. Sonda iştirakçılarla xatirə fotosu çəkilib.