20 oktyabr 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əhalinin nüvə silahlarının təsirlərindən, fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə Sədərək rayonunda tədbir keçirilib. Tədbirin əsas məqsədi iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını aşılamaq, onların bu sahədə bilik və bacarıqlarını artırmaq olub. Tədbir zamanı fövqəladə halların təsnifatı, Sədərək rayonu ərazisi üçün xarakterik olan fövqəladə hadisələr və belə hallarda davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin yanğın təhlükəsizliyi tələbləri, dəm qazından qorunma yolları, taxıl sahələrində və meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunulub. Bununla yanaşı, fövqəladə hallar zamanı xəbərdarlıq siqnallarına uyğun davranış, təxliyənin təşkili, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təhlükəsiz ərazilərə keçid və digər mülki müdafiə qaydaları izah edilib. İnteraktiv formada keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzulara uyğun videoçarxlar nümayiş etdirilib və slayd təqdimatları vasitəsilə əyani məlumatlar verilib.
