12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar olaraq Sədərək Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirə əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə Hüquq və kadr məsələləri sektorunun müdiri Şərafəddin Şükürov, Ərazi təşkilat məsələləri sektorunun böyük məsləhətçisi İbrahim Hənifəzadə və Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Murad Orucov çıxış edərək, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı müstəsna rolundan bəhs edilib. Əsas Qanunun insan hüquq və azadlıqlarının təmin edilməsində fundamental baza olduğunu vurğulayıblar. Konstitusiyanın cəmiyyətdə vətəndaş məsuliyyətinin artırılması, yerli idarəetmə və təşkilat işlərinin tənzimlənməsindəki əhəmiyyəti qeyd olunub.Gənclər arasında hüquqi maarifləndirmənin vacibliyinə toxunulub. Konstitusiyamızın cəmiyyətin gələcək inkişafı üçün etibarlı təminat yaratdığını və hər bir vətəndaşın hüquqları ilə yanaşı, vəzifələrini də dəqiq müəyyənləşdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırılıb.