12 avqust 2026-cı ildə “Vətəndaş Tribunası” ictimai birliyinin təşkilatçılığı, Sədərək Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Böyük türk birliyinin inteqrasiya perspektivləri” layihəsi çərçivəsində növbəti tədbir Sədərək rayonunda keçirilib.

Tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri İman Məmmədhəsənli açaraq deyib ki, Azərbaycan TDT ilə münasibətlərə və əlaqələrə hər zaman xüsusi diqqətlə yanaşır və TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində daim yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir. Mövzu üzrə məruzə ilə çıxış edən layihə rəhbəri, yazıçı Səfər Alışarlı Türk Dövlətləri Təşkilatının yaranma zərurətlərini, regional və beynəlxalq rolunu vurğulayaraq deyib ki, əsası 2009-cu ildə Naxçıvanda türk dövlətləri başçılarının zirvə görüşündə qoyulmuş bu təşkilatın məqsədi müxtəlif tarixi şəraitlərdə parçalanaraq ayrı düşmüş türk xalqları arasında iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etməkdir. Çıxış edənlər Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə, Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktoru Kəmalə Əliyeva, Alışar kənd orta məktəbinin müəlliməsi Şəfa Xəlilova, Heydərabad qəsəbə körpələr evi-uşaq bağçasının müəlliməsi Natəvan Sadıqova tədbirin əhəmiyyətini vurğulayaraq, onun yerli ictimaiyyətin maarifləndirilməsinə xidmət etdiyini bildirmişlər. Natiqlər TDT-nin fəaliyyəti nəticəsində Orta Dəhlizin Zəngəzur hissəsində TRIPP layihəsinin tezliklə icra olunacağına və Naxçıvanla Azərbaycanın digər əraziləri arasında birbaşa logistik əlaqələrin bərpa ediləcəyinə ümidvar olduqlarını bildiriblər. Çıxış edənlər bu yolun bütün türk dövlətləri, həmçinin digər qonşu ölkələr və ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış buklet və dəftərxana ləvazimatları paylanıb.