8 Noyabr – Zəfər Günü münasibətilə Sədərək rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin mühafizəsi və mövcud yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yerləşən tut bağında 200 ədəd tut tingi əkilib. Həmçinin Sədərək Rayon Bayraq Meydanından Sədərək Gömrük Postuna qədər uzanan avtomobil yolunun sağ və sol hissələrində yaşıllıqların bərpası məqsədilə 400 ədəd Eldar şamı ağacı əkilib. Beləliklə, aksiya çərçivəsində ümumilikdə 600 ədəd ağac əkilərək rayon ərazisində yaşıllıq zolaqlarının genişləndirilməsinə və mövcud yaşıllıqların bərpasına töhfə verilib. Ağacəkmə aksiyasında Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Zəfər Gününə həsr olunan bu aksiya həm ətraf mühitin qorunması, həm də gələcək nəsillərə daha sağlam və yaşıllıqlarla zəngin mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.