
Sədərək rayonunda Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə rayon ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.
01 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli”çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Sədərək rayonunda ağacəkmə aksiyası həyata keçirilib.
Tədbir Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan aksiya Naxçıvan–Sədərək magistral yolunun Dəmirçi kəndi ərazisindən keçən hissəsində təşkil olunub. Burada əvvəlcədən torpaq hazırlığı işləri aparılıb, suvarma və gübrələmə üçün şərait yaradılıb.
Aksiya çərçivəsində 1 hektar ərazidə 650 ədəd tut tingi əkilib. Əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, üzvi gübrələr verilib, gövdələr zərərvericilərə qarşı ağardılıb və suvarma işləri aparılıb. Bu cür tədbirlər təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də vətənpərvərlik ruhunun aşılanmasına, şəhidlərimizin əziz xatirəsinin daima yaşadılmasına xidmət edir. Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu təşəbbüs ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam təbii mühitin formalaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Ağacəkmə aksiyası növbəti günlərdə də davam edəcək.







