Rayon haqqında

Sədərək rayonu - 28 avqust 1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi   163,74 km2, əhalisi 16,1 min nəfərdir (01.01.2020-ci il).

Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda  4 kənd, 1 qəsəbə vardır.
Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır.

Rayon ərazisindən Araz, Qaraçay və Çapan çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 5 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 mədəniyyət evi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 2 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.

 

 

Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 15 kilometrdir.

Eneolit və ilk tunc dövrünə aid edilən Qədim yaşayış yeri Sədərəyin cənubunda yerləşir.

Ağoğlan türbəsi Sədərək kəndinin şimalında  ziyarətgahdır. Bununla yanaşı rayon ərazisində orta əsrlərə aid edilən Sədərək yaşayış yeri, son tunc ilk dəmir dövrünə aid edilən Sədərək qalası, VI-VIII əsrlərə aid edilən Qırmızıtəpə yaşayış yeri, Sədərək məscidi, Çapacaq kurqanı  e.ə I minilliyə aid Fərhad arxı və III-VIII əsrlərə aid Əjdahan mağarası kimi tarix-memarlıq abidələri vardır.

Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.