14 May 2025, Çərşənbə

Su çərşənbəniz mübarək olsun!

Novruzun gəlişini böyük sevinc və səbirsizliklə gözləyən xalq bayramqabağı, bayrama dörd həftə qalmış bu dörd həftənin hər birini, hər çərşənbə axşamını bayram kimi qeyd edir. Çərşənbələrin el arasında müxtəlif adları vardır. Birinci çərşənbə “Su”, ikinci çərşənbə “Od”, üçüncü çərşənbə “Yel” (külək), dördüncü, sonuncu çərşənbə isə “Torpaq” çərşənbəsi adlanır.

 

İlk çərşənbəmiz olan Su çərşənbəsində icra olunan adətlərdən söhbət açmaq istərdim.

 

Bu çərşənbədə Naxçıvan bölgəsində obaşdan dan yeri sökülməmiş qız-gəlinlər, yaşlılar, cavanlar, uşaqlar axar çay, bulaq başına gedərlər. Suya salam verib, salavat çəkərlər. Elliklə su başında bayramlaşarlar, bir-birini ilk Su çərşənbəsi münasibətilə təbrik edərlər. Çərşənbə suyundan içərlər. Əl-üzlərini, pal-paltarlarını yuyarlar. Boş qablarını doldurarlar. Sonra da həmin sudan gətirib evlərinin künc-bucağına, həyətlərinə, meyvə ağaclarına səpərlər. Həmçinin gətirdikləri çərşənbə suyundan evdə xəstə olanlara, niyyəti, arzusu kam olanlara içirdərlər ki, şəfa tapsınlar. İlk çərşənbə suyundan mal-qaralarına, qoyun-quzularına da içirdərlər ki, sağlam olsunlar. Qadınlar ilk çərşənbə suyundan çörək bişirmək üçün maya da (xəmirə) hazırlayarlar ki, illik ruziləri bol olsun.

 

Su çərşənbəniz mübarək olsun! Suyunuz axar olsun, su kimi ömrünüz olsun. Su kimi aydınlıqda olasınız.