
Sədərək Rayon İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları Dəmirçi kəndindən olan Şəhid İsmayılov Şükürün və Şəhid Məmmədov Validin ailələrini ziyarət ediblər. Şöbə müdiri Müşfiq Məmmədov qeyd edib ki, bu görüş, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olub. Ziyarət zamanı şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların ehtiyac və problemləri ilə yaxından tanış olunub. Ailə üzvlərinin mənəvi və sosial məsələlərinə dövlət tərəfindən daim diqqət göstərildiyi vurğulanıb.
Görüş zamanı icra hakimiyyətinin əməkdaşı, şəhid qardaşı Rzayev Cavid vurğulayıb ki, bu gün Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Xalqımız Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi və müdrik siyasəti, qəhrəman Ordumuzun döyüş meydanındakı misilsiz rəşadəti və canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin ölməz fədakarlığı sayəsində öz adını tarixə qalib xalq kimi yazdırmışdır. Bu tarixi Zəfər Azərbaycanın hərbi qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.
Şəhid ailələrinin üzvləri görüş zamanı onlara göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildirərək, bunun onlar üçün təsəlli rolunu oynadığını qeyd ediblər.


