Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb

Son dövrlər rayonumuzda üzümçülük ənənələrini bərpa etmək məqsədilə atılan addımlar razılıqla qarşılanır. Üzümçülüklə məşğul olan Sədərək kənd sakini Zülfiqar Hüseynovun dediklərindən:

 - Günəş şüalarından bol-bol bəhrələnən, torpaq və sudan yetərincə yararlanan üzüm çox qədimdən Sədərək rayonunda  özünə yer seçmişdir. Çünki Naxçıvanın torpaq, iqlim şəraiti burada üzümçülüyün böyük sahələrdə və ilboyu intensiv becərilməsi üçün çox əlverişlidir. Elə bu baxımdan da kənd təsərrüfatının bu mühüm sektoru daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə yüksək qayğı göstərilir. Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında  mühüm rol oynayır.

Üzüm istehsalı üçün rayonun əlverişli təbii-iqlim şəraiti, onun digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə və texniki üzüm sortlarına olan daxili tələbatının yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji, təmiz süfrə üzümünə, şərab və digər üzüm məhsullarına olan yüksək tələbat bu sahənin daha da inkişaf etdirilməsini zəruri edib. 

Bunları nəzərə alaraq üzüm sahələrini genişləndirərək 1,2 hektara çatdırmışam. Ailəliklə bu işlə məşğul oluruq. Üzümçülük gəlirli sahə olduğu üçün gələcəkdə bol məhsul əldə edərək ailə büdcəmizə əlavə gəlirlər gəlməsinə şərait yaradacağıq. Bunula da dolanışığımız daha da yaxşı olacaq.

Niyazi Məhərrəmov – Müharibə veteranı:

 - Dövlətimizə minnətdaram ki, hər zaman bizim qayğımıza qalır, güzəranımızı daha da yaxşılaşdırmağa çalışır. Müstəqil ölkəmiz, dövlətimiz üçün qürur hissi keçiririk. Vətən yolunda əbəs yerə fədakarlıq göstərmədiyimizi bir daha dərk edirik.

Rayonumuzun təbii iqlim şəraiti üzümçülük təsərrüfatı ilə məşğul olmağa çox əlverişlidir. Mən də hal-hazırda təsərrüfat işləri ilə məşğul oluram. Bunun üçün lazımi şərait yaradılıb. Bildiyiniz kimi  Sədərək rayonunda üzümçülüyün inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bunun üçün süfrə üzümü əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması vəzifələri müəyyənləşdirilib.

Rayonun üzümçülüklə məşğul olan torpaq mülkiyyətçilərindən  Əli Yaqubov, Ramiz İsmayılov və başqaları ilə söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir. Çünki bu  sahə inkişafının ən yüksək zirvəsinə çatarsa əhalinin məşğulluğu təmin olunacaq,  bu sahə ilə əlaqəli olan istehsal müəssisələri həyata vəsiqə alacaq.

Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanlarını daha da artıracaq. Xatırladaq ki, bu günlərdə rayonumuzda yeni üzüm bağı salınıb. “Dəhnə” adlanan ərazidə 2 hektar sahədə yeni üzüm tingləri əkilib. Bu bağda xüsusən xəlili, hüseyni, ağ, qırmızı, sarı və qara kişmişlər  kimi dadı damaqdan getməyən üzüm növləri əkilib.

Rayonun yeni üzüm sahələrində gəzib-gördüklərimiz və eşitdiklərimiz bizdə belə qənaət yaratdı ki, qazanılan yüksək nəticəni şərtləndirən amillərdən birincisi dövlət qayğısıdırsa, digəri rayon sakinlərinin zəhmətsevərliyi və işgüzarlığıdır: Zəhmətkeş və torpaqsevər insan isə həm özü, həm də ölkəsi üçün həmişə faydalı işlər görür. Bir də ki, torpaq daimi qayğı görsə, çəkilən zəhmətin əvəzini birə-beş qaytarar. Onun da sevgisi verdiyi bardır...

 

                                                                                                                                                                                                                                                                        Oğuz yurdu

                                                                                                                                                                                                                                                                        03.04.2020