
Avqust ayının 28-də Sədərək Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Sədərək Rayon təşkilatı ilə birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sədərəyin rayon kimi təşkil olunmasının 35 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə natiqlər çıxışlarında qeyd ediblər ki, Sədərək rayonu 1990-cı il avqust ayının 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Rayon kimi yarandıqdan sonra mənfur düşmənlərimizin müharibəyə başlaması ilə güclü hücumlara məruz qalmış, lakin bir qarış da olsa düşmənə torpaq verməmişdir.
Məhz 1992- ci il 18 may tarixində düşmən hücumu nəticəsdində bir gecədə xeyli sayda şəhid vermiş, lakin azğın düşmən qarşısında sədərək geri çəkilməmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dəfələrlə rayonda olmuş, çətin dövrdə xalqımıza dəstəyini göstərmişdir. Məhz onun sözləri sonradan rayon əhalisinin şüarına çevrilmişdir: “Sədərək Naxçıvanın qeyrət qalasıdır.” Müstəqillik illərində məhz 1993-cü ildən sonra rayon öz sabit inkişaf dövrünə qədəm qoymuş, düşmən hücumları nəticəsində dağıdılmış Heydərabad qəsəbəsindəki yaşayış evləri bərpa olunmuş, 2010-cu ildə ölkə başçısı tərəfində açılışı baş tutmuşdur.
2020-ci il II Qarabağ Müharibəsində 44 gün mərdliklə döyüş rayon igidləri adlarını tarixə əbədi olaraq yazdırmışdır.
Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 4 kənd, 1 qəsəbə vardır.
Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır. Bununla yanaşı rayon ərazisində orta əsrlərə aid edilən Sədərək yaşayış yeri, son tunc ilk dəmir dövrünə aid edilən Sədərək qalası, VI-VIII əsrlərə aid edilən Qırmızıtəpə yaşayış yeri, Sədərək məscidi, Çapacaq kurqanı və e.ə I minilliyə aid Fərhad arxı və III-VIII əsrlərə aid Əjdahan mağarası kimi tarix-memarlıq abidələri vardır. Şah I Abbasın dövründə bağlanmış İstanbul sazişi ilə Osmanlı dövlətinin tərkibinə daxil edilmiş, əhalisi siyaha alınmışdır.
XVI əsrdə Sədərək rayonunun adı çəkilən Asnı məhləsi qeyd olunmuş, məhlədə yaşayan insanlar siyahıya alınmışdır. Dövrün məlumatında Naxçıvan Mahalının Sədərək nahiyəsi kimi rayonun adı qeyd edilmişdir.

