Sədərəkdə 15 İyun-Milli Qurtuluş Günü" ilə bağlı tədbir keçirilib

Sədərək Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə "Tariximizin Şanlı Səhifəsi" mövzusunda tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra rayonun Mədəniyyət sarayında tədbir davam edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək qeyd edib ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim, Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov, Naxçıvan Muxtar Respublikası Ali məclisin deputatı Zeynəb Quliyeva "15 İyun-Milli Qurtuluş Günü" ilə bağlı ətraflı çıxış ediblər.
Sonda tədbirin bədii hisəsində Sədərək Rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış musiqi proqramı təqdim olunub, məktəblilər şeir söyləyiblər.