20 fevral 2025-ci il tarixində Sədərək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 saylı tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehdiyev Nazim açaraq belə mühüm maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətindən ətraflı söhbət aparıb. Gənclər və İdman İdarəsinin məsləhətçisi Məhəmməd Füzuli mövzu haqqında ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi əsas məsələlərdəndir. Təhsil Şöbəsinin əməkdaşı Həsənov Amil sosial şəbəkələrin müsbət və mənfi tərəflərini öz təcrübələriylə əsaslandıraraq yeniyetmələrin həyatlarına təsirindən danışıb. Tədbirdə 24 yeniyetmə iştirak edib.