Sədərək Rayon Mədəniyyət Sarayında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və rayonun ictimai həyatında fərqlənən qadınların iştirakı ilə tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı tədbirdə iştirak edən xanımları təbrik edərək hər birinə möhkəm can sağlığı, firavanlıq və səadət dolu günlər arzulamışdır. İcra başçısı qeyd etmişdir ki, qadınlara nəzakət, sevgi və ehtiramı tərənnüm edən 8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Azərbaycan qadını tarixin bütün dövrlərində ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçilmiş, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olan qadın adının uçalığını həmişə qoruyub saxlamışdır. Ölkəmizin qazandığı uğurlarda qadınların misilsiz xidmətləri vardır. Azərbaycan qadını həssas münasibətə və qayğıya layiqdir, çünki hazırki vəziyyətdə həyatın bütün ağırlıqları onların zərif çiyinləri üzərindədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 32 illik Qarabağ münaqişəsi Azərbaycan qadınının əzmini, iradəsini qıra bilməmişdir. Torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını böyüdən bütün anaların qarşısında baş əyirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Fəal qadınlar adından çıxış edən Vüsalə Əliyeva və Sədərək Rayon Birləşmiş Həmkarlar ittifaqının sədri Sənan Hüseynov qeyd ediblər ki, milli əxlaqi dəyərlərimizi, adət-ənənələrmizi, dilimizin saflığını ən mürəkkəb dövrlərdə yaşadan analarımız bəşəriyyətə görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir. Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin ölkəmizdə yaranması, dünyanın bir çox ölkələrindən xeyli əvvəl seçib-seçilmək hüququnu əldə etməsi Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürü olmaqla yanaşı, ölkəmizdə qadına verilən dəyərin və ehtiramın başlıca nümunəsidir. Sonra tədbirdə iştirak edən qadınlara dəyərli hədiyyələr təqdim edilmişdir. Sonda tədbirin bədii hissəsi baş tutmuş, Sədərək Rayon Mədəniyyət şöbəsinin kollektivi və Sədərək rayon uşaq musiqi məktəbinin kollektivi çıxış etmişdir.