
Sədərək rayonunda “27 Sentyabr – Anım Günü” qeyd olunub.
Sədərək rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, ziyalıların, ağsaqqalların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbir zamanı Sədərək kəndində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək 44 günlük Vətən Müharibəsindən, qazanılmış tarixi qələbənin əhəmiyyətindən, torpaqlarımızı azad edən vətən oğullarından bəhs edib, şəhid ailələrinə baş sağlığı, qazilərə Allahdan şəfa diləyib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Mahir İsmayılov, Zeynəb Quliyeva, YAP Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov, şəhidimizin əmisi Əsəd Abdullayev çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər. Şəhid atası İlham Abdullayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonda məktəblilərin Şəhidlər haqqında şeirləri dinlənilib.









