20 Yanvar faciəsinin 34-cü ildönümü Naxçıvanın qeyrət qalası Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 34 il keçsə də, acı xatirələri ilə bu gün də yaddaşlarda yaşadılır. Keçmiş Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni ozamankı müttəfiq respublikalardan biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, o cümlədən erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərtərəfli silahlanmış hərbi hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirdi.
Naxçıvan Muxtar Respublikasının “Alınmaz qalası” adlandırılan Sədərək də həmin dövrdə ağır günlərini yaşayırdı. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qanlı Yanvar gecəsi Bakıya hücumdan 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi.
Ermənilərin məhz yanvarın 19-da cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, onlar Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu, SSRİ rəhbərliyinin Azərbaycana qarşı çirkin planının tərkib hissəsi idi. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi Sədərəkdə daim uca tutulur. Yanvarın 20-də muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunda da doğma yurdumuzun, xalqımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Gülcamal TAHİROVA