Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 may Sədərək şəhidlərinin və ümümrayon şəhidlərininin anım mərasimi keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə Şərur Rayon Şəhidlər Xiyabanını ziyarətlə başlanılmış, xiyabanda olan Şərur və Sədərək rayonundan olan şəhidlərin məzarları ziyarət edilmiş, dualar oxunmuş və məzarlara gül dəstələri qoyulmuşdur. Daha sonra Sədərək Rayon Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin məzarlarına gül qoyulub, əziz ruhlarına dualar oxunub.
Sonra Sədərək rayon Mədəniyyət sarayında rayon şəhidləri üçün tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib. Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək Sədərəyin strateji əhəmiyyətə malik olan coğrafi mövqedə yerləşdiyini, bu səbəbdən əzəli düşmənimiz olan ermənilərin hər zaman bu ərazilərdə gözü olduğunu, qardaş ölkə Türkiyə ilə yeganə quru sərhəddimizin Sədərək rayonu ərazisindən keçdiyini, bu sərhəddi işğal etmək üçün 1990-1993-cü illərdə rayona davamlı hücumlar olduğunu və qarşısının alınması üçün ciddi müqavimət göstərildiyini, bu döyüşlərdə çoxlu şəhid və yaralımızın olduğunu bildirib. Sədərək döyüşlərində düşmənə qarşı mübarizə aparan sədərəklilərin mübarizəsinin uğurlu nəticəsindən və torpaqları düşmənə vermədən qoruyub saxlamasından bəhs edən icra başçısı qorxmaz mübarizələrini əvəzsiz qiymətləndirmiş və hər bir şəhid ailəsinə başsağlığı vermişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü - Kəmaləddin Qədim, Şəhid atası Zamanov İmran, Şəhid qardaşı Qədimov Səməd tədbirdə çıxış edərək qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikasının Ermənistan istiqamətində ən ucqar və sərhəd rayonu olan Sədərəyin erməni kimi məkrli bir millətlə qonşu olması illər boyu bu rayonu əzab çəkməyə məcbur etmiş, xəyanətkar qonşuların bəd əməlləri, bəd niyyətləri zaman-zaman Sədərək üzərinə hücumları ilə nəticələnmişdir. 1904-1905-ci illərdə, eləcədə 1918-1920-ci illərdə xarici qüvvələrin köməyi ilə erməni daşnak ordusu Vedi-Sədərək -Naxçıvan istiqamətində hücuma keçmiş, həmin ərazilərin əhalisini, o cümlədən Sədərək əhalisini işgəncələrə məruz qoymuşdur. Erməni zülmünə qarşı Abbasqulubəy Şadlinski tərəfindən 85 nəfər sədərəklinin də iştirak etdiyi "Qırmızı Tabor" özünümüdafiə batalyonu yaradılmışdır. Torpaqlarımızın erməni daşnaklarından təmizlənməsində "Qırmızı Tabor"un böyük xidmətləri olmuşdur. Döyüşlərin birində Abbasqulubəy Şadlinski demişdi: "Mən heç nədən qorxmuram, ona görə ki, mənim Sədərək kimi elim var". Xain xislətlərindən əl çəkməyən ermənilərin 1990-cı il yanvar ayının 18-də Sədərək üzərinə yenidən hücumları başlamış və 1993-cü ilədək davam etmişdir. 1990-1993-cü illər ərzində ermənilər tərəfindən 14 güclü hücum olmuşdur ki, bu ağır döyüşlərdən biri də 1992-ci il may ayının 18-də baş vermişdir. Rusların köməyi ilə ermənilərin ağır zirehli texnikalarla hücumu zamanı sinələrini düşmən həmləsinə sipər edən igid döyüşçülərdən 17 nəfər Mil-təpə dağında şəhid oldu. Həmin gün Ucubiz, Beşbarmaq, Cintəndiri, Qırmızılar dağları da daxil olmaqla gedən döyüşlərdə ümumilikdə 38 nəfər şəhid oldu, amma qəhrəman, igid döyüşçülər düşmən qarşısında geriyə çəkilmədi. Ulu Öndər Heydər Əliyevin söylədiyi "Qeyrət qalası" Sədərəyin müdafiəsi uğrunda Naxçıvan, Şahbuz, Şərur, Culfa, Ordubad, Babək, Gəncə, Beyləqan, Tovuz, Xaçmaz, Xanlar rayon və şəhərlərindən köməyə gələnlərlə birlikdə, 500 nəfərə yaxın yaralı, 43 nəfəri Sədərəkli olmaqla 108 nəfər şəhid oldu. 500 yaşayış evi, bir çox ictimai binalar, inzibati-idarə binaları, sosial obyektlər dağıntılara məruz qaldı. Amma qəhrəman oğulların qanı, canı bahasına olsa da Sədərək qorundu və düşmən ayağı bu torpaqlara dəymədi.
Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib və Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Sədərək döyüşlərinə aid videoçarx nümayiş etdirilib.