17 fevral 2025-ci il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə rayonun bir qrup idman ictimaiyyəti nümayəndələri ilə görüşüb. Görüşdə beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş rayonun bir qrup idmançı müəllimləri, Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri və idmançıları iştirak etdilər.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində atılan addımlar, ölkə rəhbərliyinin idmana olan tükənməz qayğısının bariz nümunəsidir. Naim Cahidzadə idmançılarla səmimi söhbət əsnasında vurğuladı ki, dünya miqyasında idman ölkəsi kimi tanınan doğma vətənimizin son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naim Cahidzadə bildirdi ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran-pri yarışları bir daha ölkəmizin qüdrətini, idmanımızın inkişaf səviyyəsini göstərdi.
Görüşdə Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin müəllimləri çıxış edərək bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söz açmış, idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduqlarını bildirərək, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadəyə bu görüşü təşkil etdiyinə görə xüsusi minnətdarlıqlarını bildirdilər.