Sədərək rayonunun Dəmirçi kəndində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində sağlam ailədaxili münasibətlərlə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Əmrah Ərəbov ailədaxili münasibətlərin milli ailə dəyərlərimizə uyğun qorunmasının vacibliyini vurğulayıb.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova qeyd edib ki, ailədaxili münasibətlərin sağlam psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Təbii ki, ailədaxili münasibətlərin enişli-çıxışlı olması qaçılmazdır. Bu baxımdan ailədaxili münasibətlərdə yaşanan problemlərin öhdəsindən gəlmək üçün mütəxəssis dəstəyi almaq da effektli nəticələr verir.
Kənd sakinlərinin marağına səbəb olan tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb
.