Naim Cahidzadə vətəndaşlarla növbəti səyyar görüşü Qaraağac kəndində keçirib.

İyunun 4-də Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə vətəndaşlarla növbəti səyyar görüşü Qaraağac kənd inzibati ərazi dairəsində keçirib.
Səyyar görüşdə RİHB-nin müavini və şöbə müdirləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Naim Cahidzadə hər kəsi qarşıdan gələn dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, cansağlığı, xoş güzəran, əmin-amanlıq arzu edib. Naim Cahidzadə son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bildirib ki, həm iqtisadi, həm də sosial sahəni əhatə edən islahatlar arasında əhalinin sosial müdafiəsi xüsusi yer tutur. O, qeyd edib ki, Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.