Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayon Qaz İstismar idarəsinin əməkdaşları ilə görüşüb. Görüşdə Qaz istismar idarəsi sahəsində görülmüş tədbirlər və bu sahədə mövcud olan problemlər müzakirə edilmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirib ki, Qaz İstismar idarəsinin fəaliyyəti əhaliyə keyfiyyətli və fasiləsiz qazın verilməsini səmərəli təşkil etmək, yaranmış hər hansı problemi vaxtında və dəqiq aradan qaldırmaqdan ibarətdir. 2006-cı ildən etibarən muxtar respublikanın hər bir yaşayış sahəsi qazla təmin olunmuş, əhaliyə qazın verilişi yüksək səviyyədə təşkil edilmişdir.
2024-2025-ci ilin payız qış mövsümünə hazırlıqla bağlı gedən işlərlə tanış olan icra başçısı rayon ərazisində mövcud problemlərin qısa müddətdə aradan qaldırılması və qış aylarında qazın keyfiyyətlə verilməsinə 100 faiz nail olunması tapşırığını verdi. Sədərək rayon Qaz İstismar İdarəsinin müdiri Bəxtiyar Mahmudov məruzə edərək bildirmişdir ki, 2024-cü ilin əsas fəaliyyəti ilə bağlı təsdiq olunmuş İş planına əsasən yaşayış məntəqələrində abadlaşdırma, tikinti-quraşdırma və digər tədbirlərlə əlaqədar daşıyıcı, paylayıcı və küçə xətləri üzrə qaz kəmərlərində təmir bərpa işləri aparılır, qaz xətlərinin yerləri dəyişdirilir, yeni qaz xətləri çəkilir. Görülən işlər zamanı yarana biləcək fasilələr haqqında istehlakçılara qabaqcadan məlumatlandırılır.
Rayon ərazisində nəzarət tədbirlərini gücləndirmiş, vaxtaşırı xidmətin daimi fəaliyyət göstərən nəzarətçiləri tərəfindən reydlər keçirilərək “Qazdan İstifadə Qaydaları”nın tələblərinə istehlakçılar tərəfindən riayət olunması yoxlanılmış və ortaya çıxan nöqsanlar aradan qaldırılmışdır. Rayon sakinlərinin təbii qazla təminatı da qarşıda duran mühüm vəzifələrdəndir. Sədərək rayon ərazisində mövcud olan qazpaylayıcı şəbəkələrin saz vəziyyətdə saxlanmasını təmin etmək üçün istismarda olan şkaf tipli qaz tənzimləyicilərə profilaktik qulluq göstərilmiş, nizamlama işləri aparılmışdır. Qaz təchizatı avadanlıqlarının və qaz qurğularının saz vəziyyətdə işləməsi üçün təmir bərpa işləri görülür.
Tədbirin sonunda icra başçısı Qaz İstismar idarəsinin əməkdaşlarına xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.