Naim Cahidzadə Qaraağac kəndində aqrar sahə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərlə səyyari görüş

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində aqrar sahə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərlə səyyari görüş keçirib. Rayon rəhbəri çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Sədərək rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradılır. Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Sədərəkdə də özünü göstərməkdədir. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Sədərək rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Sədərəyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Sədərək aqrar rayondur. Rayonda sahibkarlar və iş adamları əsasən taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, ticarət ilə məşğul olurlar. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, bu il rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları yüksək nəticələr əldə ediblər. Rayonda strateji məhsul olan taxılçılığın inkişafına ayrılan xüsusi diqqət sayəsində Sədərəkdə taxıl istehsalçılarımız bu il 5700 tondan çox taxıl istehsal ediblər. Bütün bunlar isə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olub. Sədərək Rayon İcra Hakimiyyəti bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları Sədərəyimizin yenidən qurulmasında fəal iştirak etməyə çağırır. Fermerlər dövlət nümayəndələrinə minnətdarlıq bildirdilər ki, hər zaman onların qayğısına qalır, güzəranlarını daha da yaxşılaşdırmağa çalışır.