Muxtar respublikada aparılan quruculuq tədbirləri, nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişib. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri müasirliyə qovuşub. Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edib.
Sədərək rayonu da bu baxımdan diqqəti çəkən bölgələrimizdən birinə çevrilib. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir.
Hər il olduğu kimi, bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Sədərək kəndində Mərasim Evi tikilir. İnşaatçılar obyekti vaxtında təhvil vermək üçün səylə çalışır, texnikanın imkanlarından geniş istifadə edirlər. Obyektdə tikinti təhlükəsizliyi qaydalarına da ciddi əməl edilir. Qeyd edək ki, inşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Haliyyədə dam örtüyü vurulur və binanın içərisində suvaq işləri görülür.
Qeyd edək ki, rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu Mərasim Evi hər biri 185 kvadrat metr olan iki mərasim zalı, qazanxana, mətbəx olacaq. Ümumi sahəsi 525 kvadrat metr olan Mərasim Evinin həyətində maşın parkı da salınacaq.
Yeni tikilən Mərasim Evi sakinlərə göstərilən dövlət qayğısının əyani ifadəsidir.