Bayraq Meydanında son tamamlama işləri görülür

Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Odur ki, hər bir vətəndaş dövlət rəmzlərinin yaranma tarixini, daşıdığı mənanı yaxşı bilməli, onları qorumalı, təbliğ etməli və aşıladığı ideyaları yaşatmalıdır. Dövlət rəmzlərindən biri olan bayraq da azadlıq və istiqlal rəmzi olaraq, hər bir dövlətin müstəqilliyini ifadə edir. Azərbaycan xalqı öz dövlət rəmzlərinə sadiqdir, çünki bu rəmzlər xalqın mövcudluğunun təcəssümü kimi özündə onun ən ali, ən müqəddəs dəyərlərini yaşadır. Xalqımızın qürur mənbəyi olan, müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımız bu gün işğaldan azad olunan hər bir rayon, şəhər, qəsəbə və kəndlərdə, strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanır.

Rayonumuzun görkəmli yerində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sağ tərəfində tikintisi aparılan Bayraq Meydanında son tamamlama işləri görülür. Burada yüksələn üçrəngli bayrağımız dalğalanaraq, biraddımlığımızda yerləşən düşmənə gözdağı olacaq. Bildiyimiz kimi bu yol həm də Qərbə açılan qapımızdır. Buradan keçənlər bayrağımızın vüqarlı duruşunu seyr edəcəklər.

Qeyd edək ki, artıq bayraq dirəyi quraşdırılıb. Bayraq Meydanının ətrafında daşlar düzülüb. Gül kolları əkilib. İşıqlandırma sistemi quraşdırılıb.

 

Oğuz yurd

05.12.2020