Naxçıvan şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı böyük coşqu ilə qeyd edilib. Minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanına toplaşaraq yeni ili birgə qarşılayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri festival şəhərciyinə gəlib, yeni il şənliyini izləyiblər.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Fuad Nəcəfli sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib.
Yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, 2024-cü il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.