Sədərək rayonundan olan şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun mövludunun 27-ci il dönümü şəhidlər xiyabanında qeyd olunub.
Tədbirdə rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, döyüş yoldaşları, qazilər, müəllimlər və rayon sakinləri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun göstərdiyi mərdlik və şücaət, Azərbaycan xalqının bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşməsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etmişdir. Bu tarixi zəfəri bizə bəxş edən Ali Baş Komandan Cənab İlham Əliyevin uzaq görən siyasəti və rəşadətli Azərbaycan ordusunun cəsur və qorxmaz hərbçiləridir. N.Cahidzadə qeyd edib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların sosial müdafiəsi gücləndirilir, şəhidlərimizin xatirəsi daim əziz tutulur. Döyüşlər zamanı şəhadətə qovuşmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralanmış qazilərimizə şəfa diləyərək şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun ailəsinə baş sağlığı vermişdir.
Tədbirdə şəhidin atası Hümbət Rzayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Arif Qasımov, Vüsalə Əliyeva, Turan Məmmədli, Esmira Həsənova, Şəhidin əmisi Həsən Rzayev, Şəhid Abdullazadə Tağının atası Abdullayev İlham çıxış edərək ərazi bütövlüyünü bərpa edən, torpaqlarımızda üç rəngli bayrağımızı ucaldan hərbi qulluqçularımıza can sağlığı, şəhidlərimizə rəhmət diləyərək Azərbaycan ordusunun əldə etdiyi bu zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirmişlər. Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər dinlənilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuş və məzarları üzərinə gül qoyulmuşdur.