Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gənclərin uzunömürlü ailələrlə görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Sədərək rayonunun Dəmirçi kəndində uzunömürlü, nümunəvi Məhərrəmovlar ailəsi ilə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” nümunəvi ailənin üzvləri, 50 ildir evli olan Məhərrəmov Rafail Məhərrəm oğlu və Məhərrəmova Gülxanım Allahverdi qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Sədərək Rayon İcra Hakimiyyətinin sektor müdiri Orucbəy Hüseynzadə nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Məhərrəmovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 50 illiyi tamam olan uzunömürlü ailə başçısı Rafail Məhərrəmov ailəsinin qayğısına qalaraq 2 övlad böyüdüb, 4 nəvə sahibidir. Onun ömür-gün yoldaşı Gülxanım Məhərrəmova qayğıkeş ana olmaqla gələcəyin vətənpərvər övladlarını yetişdirib.
Uzunömürlü ailənin üzvləri Rafail Məhərrəmov və Gülxanım Məhərrəmova 50 illik ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmətin oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlər veriblər.
Tədbirin sonunda Komitə tərəfindən Məhərrəmovlar ailəsinə hədiyyə təqdim edilib.