Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Sədərək rayonunda 9 May- faşizm üzərində Qələbə Günü qeyd olunub.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı, Böyük Vətən Müharibəsinin və Qarabağ Müharibəsinin veteranları, Hüquq Mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. İlk öncə Böyük vətən müharibəsi və Qarabağ uğrunda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sədərək Rayon İcra hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirdi ki, bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçiblər. Bu müharibədə 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər. Veteranları və tədbir iştirakçılarını Qələbə Günü münasibətilə təbrik edib, 1941-1945–ci illərdə faşizm üzərində qələbənin əldə edilməsində və Azərbaycanlı soydaşlarımızın rolundan danışıb. Daha sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Sənan Hüseynov və Böyük Vətən müharibəsinin iştirakçısı Teymur Quliyev çıxış edərək qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik ediblər. Tədbir konsert proqramı ilə davam edib.