Sədərək rayonunda “27 Sentyabr – Anım Günü” münasibətilə rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailə üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, ziyalıların, ağsaqqalların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbir zamanı Sədərək kəndində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirib ki,İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
“Biz zəfər qazanacağıq, bizim işimiz haqq işidir!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə yola çıxdıq. Bir xalqın 30 illik həsrətini sonlandırmağa, Xocalıda yerə atılan örpəyimizi ayaqlar altından götürməyə, illərdir, həsrətdə qalıb solan xarıbülbülün qisasını almağa, Vətənin yaralı ürəyinə məlhəm olmağa can atdı oğullarımız.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Quliyeva Zeynəb, YAP Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını ifadə ediblər.
Sonda məktəblilərin Şəhidlər haqqında şeirləri dinlənilib.