Sədərək rayonunda "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə tədbir keçirilib.

Sədərək rayonunda "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü"
münasibəti ilə tədbir keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" qeyd edilib.
Bu münasibətlə keçirilən tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
İcra başçısı diqqətə çatdırıb ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib deyərək Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edib.
Tədbirdə çıxış edən Təhsil şöbəsinin müdiri Sirac Qarayev son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə respublikanın, o cümlədən rayonun təhsil işçilərinin medallarla təltif edilməsinin, onlara fəxri adların verilməsinin dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayaraq bütün müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik edib uzun ömür can sağlığı arzulayib.
Tədbirdə iştirak edən, müəllimlər onlara göstərilən diqqətə və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda ümumtəhsil məktəblərinin 23 müəlliminə icra başçısı tərəfindən təşəkkürnamələr təqdim olundu.