Sentyabrın 21-də Sədərək Rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş "Səyyar Gənclər Xidməti" layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə gəncləri salamlayan Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev, Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov və qazi Quliyev Əmirxan çıxış edərək bildirdilər ki, bü gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edir.
Natiqlər Sədərək gəncliyinə səslənib və onlara dövlətimizin apardığı gənclər siyasətinin önəmindən danışıb: “Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.
Sonda Pərviz Ağayev bildirdi ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Tədbir Sədərək gənclərinin ifasında konsert proqramı ilə davam edib.
Məlumat verilib ki, "İmkanlar Sənə Doğru" devizi gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan "Səyyar Gənclər Xidməti "yüzlərlə gənci əhatə edəcək. Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində gənclər müxtəlif mövzularda təlimlər və həvəskar idman yarışlarında iştirak ediblər.
Sonda İştirakçı gənclərə müxtəlif hədiyyələr təqdim edilib.