Sədərək Rayonunda “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib

Sədərək Rayon Mədəniyyət Sarayında rayon İcra Hakimiyyətinin dəstəyi, “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin dəstəyi ilə nəşr edilən “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Naxçıvan Qaziləri” İctimai Birliyin sədr müavini Əli Əlisoy tədbiri açaraq bildirib ki, qədim Naxçıvanın onlarla igid oğlu Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda canından keçib. Onların əziz xatirəsi daim yaşadılır. Hər bir şəhidin həyatı bir əfsanə, dastandır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq hekayələrinin qələmə alınması vacib amildir. Bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçrülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. Qələmə alınan yazılar o vaxt xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin. Yaxın günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən “Sevdası Vətən olanlar” adlı kitabda igid oğullarımızın həyat hekayəsi öz əksini tapıb. “Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın qələmə aldığı yeni nəşrdə Şərur və Sədərək rayonlarından olan Qarabağın azadlıq mücadiləsində qəhrəmanlıq göstərən şəhidlər haqqında məqalələr və ailə üzvlərinin fotoları yer alır. Ktabda 43 şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb.Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Ulu Öndərin davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşən xalq tarix yazdı. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atıldılar. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstərdilər. Onlar 1990-cı illərdə Sədərəkdə soyuq səngərlərdə günlərlə ac-susuz qalsalar da, torpağın bir qarışını belə düşmənə verməyən naxçıvanlı oğulların davamçıları olan igidlər idilər. Azərbaycan Ordusunun hər bir döyüşçüsü Vətən uğrundakı mübarizədə qəhrəmanlıq dastanı yazdı. Onların hər birinin həyatı sətirlərə çevrilib kitab halına gətirilərək xalqın sərvəti oldu. İcra başçısı kitabın nəşrində göstərilən dəstəyə görə təşəkkür edib, müəllifə uğurlar arzulayıb.
Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov çıxışında qeyd edib ki, Sədərək Azərbaycanın qala qapısı, Ulu Öndərin “Qeyrət qalası” adlandırdığı müqəddəs Vətən torpağının bir parçasıdır. Vaxtilə burada Vətənə sinəsini sipər edən oğulların davamçıları Vətən savaşında tarix yazdı.
Şəhid atası Rəhim Mədətov çıxış edərək bildirib ki, dövlətimiz hər bir şəhid ailəsini qayğı ilə əhatə edib onların xatirəsi hər zaman anılır, yaşadılır. İgid oğulların qısa olsa da, şərəfli həyatı şeirlərdə, məqalələrdə gələcək nəsillərə çatdırılır. Hər bir qələm sahibi bunu özünə borc bilir. Təqdimatına yığışdığımız bu kitab da onlardan biridir. Şəhid atası kitabın ərsəyə gəlməsinə maddi və mənəvi dəstək verən “Şərq qapısı” qəzetinin kollektivinə təşəkkür edib, müəllifə uğurlar arzulayıb.
Şəhid anası İradə Quliyeva tədbirdə çıxış edərək bildirib ki, igid, ürəyi Vətən eşqi ilə bol olan oğulları dünyaya gətirən analar var olduqca bu Vətən də var olacaq. Bu Vətən heç vaxt bölünməyəcək, çünki hər daşında, torpağında şəhid qanı var.
“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov öz çıxışında qeyd etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi qəhrəmanlıq göstərərək 44 günlük savaşda və sonrakı əməliyyatlarda torpaqlarımızı azad edib, ölkəmizi suverenliyinə qovuşdurdu. Hər bir döyüşçünün həyatı bir əfsanədir.
“Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev bildirdi ki, Vətən müharibəsi təkcə azərbaycanlıların deyil, Cənubi Qafqazın tarixini dəyişdi. 44 gündə torpaqlarımızı azad edərək bütün dünyaya haqq səsimizi duyurduq Sonrakı əməliyyatlarda isə ərazimizdə ikinci bir erməni dövlətinin yaranmasına əsla imkan verməyəcəyimizi sübuta yetirdik. Müəllifin kitabda qeyd etdiyi kimi Azərbaycan xalqı bu qələbəni sevdası Vətən olan oğullarının sayəsində qazandı. Güclü dövlətin, damarlarında Vətən eşqi axan gənclərinin sayəsində biz qalib olduq. Onlar haqqında yazılan hər cümlə gələcəyə bir hədiyyədir. Bu kimi kitabların nəşri həm də onların xatirəsinin yaşadılmasında mühüm rol oynayır. “Şərq qapısı” qəzetində çalışan hər bir qələm sahibi şəhidlərimizin qəhrəmanlıqla dolu olan həyatını qələmə alıb yaddaşa köçürməyi özünə borc bilir.
Tədbirdə çıxış edən şəhid atası Hümbət Rzayev diqqətə çatdırdı ki, Vətən müharibəsində canını bir qarış torpağa qurban verən oğulların qəhrəmanlığını görəndə qürurla Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı yada düşdü... Yada düşdü ki, bu dağlarda onlarla oğul Vətən torpağı üçün can verdi amma bir ovuc torpaq düşmənə verilmədi. Bu Vətən var olduqca onlar da yaşayacaqlar. Çünki Vətən üçün can verənlər heç vaxt unudulmur.
Sonda “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev və müəllif “Sevdası Vətən olanlar” kitabını şəhid ana-atalarına təqdim ediblər.