Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 15 may 2024-cü il tarixində Sədərək Rayon Dəmirçi kənd Həkim Ambulatoriyasında səhiyyə işçiləri ilə görüş keçirmişdir.
Görüşdə Naim Cahidzadə dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərdən danışaraq qeyd etdi ki, dövlətin səhiyyə sahəsində həyata keçirdiyi proqramlar əhalinin tibbi xidmətlərlə ən yüksək səviyyədə təmin edilməsinə səbəb olmuşdur. Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə başçılıq etdiyi bütün dövrlərdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bir çox respublikalardan irəlidədir.
Son illər Ulu öndərin layiqli davamçısı Cənab ilham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Sədərək rayonunda da aparılan tibbi müayinənin uğurla aparıldığını vurğulayan icra başçısı bundan sonra da rayon əhalisinə göstərilən tibbi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi üçün davamlı olaraq çalışmağın vacibliyini vurğuladı.
Daha sonra çıxış edən səhiyyə işçiləri tibb sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək səhiyyə sahəsi ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsindən, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasından, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində gerçəkləşən siyasətin əsas prioritetlərindən danışdılar. Onlar bu sahədə əvəzsiz rolu olan ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.