Sədərək rayonunda taxılçılıqla məşğul olan fermerlərlə görüş.

Sədərək rayonunda taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib. Dəmirçi kəndində təşkil olunan görüşdə rayon icra hakimiyyəti başçısı Naim Cahidzadə rayonda fəaliyyət göstərən aqropark və böyük fermer təsərrüfatlarının rəhbərləri ilə görüş keçirib.
Görüşdə çıxış edən Naim Cahidzadə ölkəmizdə kənd təsərrüfatı sahələrinin inkişaf və perspektivləri, rayonda əkinçiliyin, o cümlədən taxılçılığın mövcud vəziyyəti, bu sahədə görülən işlər barədə danışaraq, 2023-cü ilin məhsulu üçün 1561.69 hektar sahədə payızlıq taxıl əkildiyini diqqətə çatdırıb. O, bu kimi tədbirlərin keçirilməsinin fermerlərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Müvafiq qurumlar tərəfindən rayonda mövcud olan taxıl sahələrində aparılan monitorinqin nəticələri barədə məlumat verib, əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini vurğulayıb. Natiq düzgün toxum seçimi, aqrotexniki qulluq qaydaları, gübrə normativləri və sair barədə fermerlərə hərtərəfli bilgilərin verilməsinin və müvafiq izahat işlərinin aparılmasının vacibliyini bildirib. Müzakirələr zamanı taxıl sahələrində mövcud vəziyyət, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb
.