Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 05 aprel 2024-cü il tarixində rayon ərazisində fəaliyyət göstərən təsərrüfat sahibləri ilə səyyar qəbul keçirmişdir. Qəbul zamanı icra başçısı çıxışında bildirmişdir ki, aqrar islahatlar üzrə tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il bizim qarşımızda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir. İcra başçısının dilindən bu sözləri eşitmək fermerləri daha da ruhlandırır. Subsidiyaların verilməsi də, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və kənd təsərrüfatı sahəsində ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Son illər rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan taxılçılığın inkişafı və əhalinin taxıla olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, müsbət nəticələr əldə olunmuşdur. Başlıcası isə sahəyə dövlət dəstəyi daha da gücləndirilmiş, fermerlərin taxıl istehsalına marağı artmışdır.
Rayonumuzda da taxılçılığın genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, keçən il 1880.66 hektarda taxıl yetişdirilmiş, orta məhsuldarlıq 36,1 sentner olmaqla 6789 ton məhsul istehsal edilmişdir.
Daha sonra təsərrüfat sahiblərinin problem və təklifləri dinlənilmiş, məsələlərin həlli üçün konkret tapşırıq verilmişdir.