Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək Rayon Elektrik Şəbəkəsinin əməkdaşları ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirdi ki, qlobal çağırışların önündə gedən Azərbaycan hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanınır. Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsidir.
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətin biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır. Buradan da o nəticəyə gəlmək mümkündür ki, yeni layihələr tezliklə Naxçıvanı “yaşıl enerji” dəhlizinə çevirəcək. Daha sonra Sədərək rayon energetikləri rayonun elektrik şəbəkəsi barədə məlumat vermiş, yaxın zamanda şəbəkədə yenilənmələrin olacağını bildirmişlər.