Sədərək rayonunda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbəsindəki Uşaq-Gənclər Şahmat məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək şahmatın inkişafında müəllim və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək demişdir ki, şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bu iş müəllimləri daha çox düşündürməlidir. Hazırda Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində şahmat dərsləri keçilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir şərait yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq, şahmat məktəblərinə cəlb etmək lazımdır. Valideynlər bu idman növünü təbliğ etməli, uşaqların şahmata cəlbinə nail olmalıdırlar. Çünki uşaqlar şahmat məktəblərində bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər. İstedadlı, uğur qazanan idmançılar barədə isə rayon rəhbərliyinə məlumat verilməli, onlarla xüsusi olaraq məşqlər keçirilməlidir. Sədərək rayonunda şahmatın kütləviliyi üçün hər bir imkan var. Şahmat məktəbində rayondaxili və kəndlərarası yarışlar keçirilməli, tempo turnirlər təşkil olunmalı, istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar arasında sədərəkli idmançılar da olmalıdır. Bu idmançılar digərlərinə nümunə göstərilməli, valideynlərlə təbliğat işi aparılmalı, şahmatın müsbət tərəfləri onlara aşılanmalıdır.
Məktəbin direktoru Valeh İbrahimzadə rayon rəhbərinə məktəb və müəllim-şagird kollektivi barədə ətraflı məlumat verib, eləcə də onlara göstərdiyi qayğıya və səmimi münasibətə görə rayon rəhbərliyinə müəllim-şagird kollektivi adından minnətdarlığını bildirib.