Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndinin təsərrüfatçıları ilə səyyar görüş keçirmişdir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə görüş zamanı qeyd edib ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Dəmirçi kəndində təsərrüfatçılar əsasən buğda və arpa kimi bitkilərin əkinçiliyi ilə məşğul olurlar. Kənddə əkinçiliyin müxtəlif sahələrinin, xüsusən də taxılçılığın inkişafı əhalinin taxıla, çörəyə və digər məhsullara olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə zəmin yaradır. Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Təsərrüfatçılara torpaq sahələrinə səpəcəkləri toxumun məhsuldar sortlarından istifadə olunması tövsiyə olundu. Daha sonra təsərrüfat sahiblərinin payızlıq taxıl əkini zamanı qarşılaşa biləcəkləri problemlər və qarşıda duran vəzifələr barədə söhbət aparılmışdır.