Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Heydərabad qəsəbəsində Heydərabad və Kərki kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüşüb.
21 may 2024-cü il tarixdə keçirilən görüşdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sədərək rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Heydərabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Məmmədov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti haqqında məlumat verərək nümayəndəlik ərazisində görülən işləri qeyd edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb
.