Heydərabad qəsəbə tam orta məktəbində ölkə başçısının çoxşaxəli siyasəti haqqında tədbir

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində ölkə başçısının çoxşaxəli siyasəti haqqında tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Ulu öndər Heydər Əliyev dünyanı heyran qoyan böyük siyasətçi olmaqla yanaşı, həm də, böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq idi. O, verdiyi ideyanı ideologiyaya çevirməyi və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin etməyi bacarırdı. Ulu öndər xüsusi çevik üsul və metodlarla elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Qısa müddətdə Azərbaycanda bu ideologiya mənimsənildi və ölkəmizdə vətəndaşlıq hissi, vətənpərvərlik ruhu artdı, etnik separatçılığa son qoyuldu.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Qətiyyətli, praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası idi. Odur ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.