Sədərək Rayon İcra Hakimiyyəti və Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir. 5 mart 1995-ci ildə ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 26 iyul 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
Sədərək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Sənan Hüseynov ilə Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə çıxışlarında qeyd ediblər ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Tədbirin sonunda təşkilatçılar tərəfindən məşqçi- müəllim və idmançılara hədiyyələr və təşəkkürnamələr təqdim olunub. Daha sonra Sədərək rayon gənclərindən ibarət futbol komandalarının yoldaşlıq görüşü izlənilib.