“27 sentyabr – Anım Günü” ilə əlaqədar olaraq "Vətən sağ olsun!" adlı tədbir keçirilib.

26 sentyabr 2025-ci il tarixdə “27 sentyabr – Anım Günü” ilə əlaqədar olaraq "Vətən sağ olsun!" adlı tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev  tədbiri giriş sözü ilə açaraq bildirib ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü. 

Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Sədərək  rayon Gənclər və idman idarəsinin rəisi  Polad Rzayev çıxışlarında 44 günlük haqq savaşımızdan ətraflı söz açaraq vurğuladılar ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.

Pərviz Ağayev sonda qeyd etdi ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.