27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Sədərək rayonunda şəhid ailələri ziyarət olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Sədərək rayonunda şəhid ailələri ziyarət olunub.

Prezident İlham Əliyev tərəfindən respublikanın  bütün bölgələrində şəhid ailələrinə və qazilərə hər zaman  yüksək diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.

“27 Sentyabr – Anım Günü” ilə əlaqədar Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Sədərək kəndində  Şəhid Fazil Zamanov və Şəhid  Qasımov Əhmədin ailələrini ziyarət edib. Ziyarətdə həmçinin rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müşfiq Məmmədov,  Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin rəisi  Nüsrət Vəliyev iştirak ediblər.

Çay süfrəsi ətrafında keçirilən görüşdə  çıxış edən rayon rəhbəri  30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş  torpaqlarımızın Müzəffər Ali Baş Komandan  və Qəhrəman Ordumuzun şücaəti sayəsində 44 gün  ərzində azad olunduğunu bildirib.  İcra başçısı onu da  vurğulayıb  ki, bu gün bizlər həmin Vətən oğullarının sayəsində fəxrlə  başımızı dik tutaraq gəzirik. Sonra ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqətindən söz açan Naim Cahidzadə bu müqəddəs ənənənin davam etdirildiyini  söyləyib.  Ziyarət zamanı  şəhid ailələri şəhidlərlə  bağlı xatirələrini bölüşüb, ölkə rəhbərinin bu ailələrə  göstərdiyi  dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.